close
Məzmuna keç

Performans

Vikipediya, azad ensiklopediya
1978-ci ildə Yozef Boysun (ing. Joseph Beuys) performansı

Performans və ya Performans sənəti — 1960-cı illərdə meydana çıxan və tamaşaçı qarşısında canlı olaraq icra edilən bir sənət forması. Performans sənəti tədbirləri bəzən heppeninq (ing. happening) kimi də adlandırılır.[1] Performans sənəti mətndən asılı deyil və həmin an baş verir; onun təkrarı yoxdur. Bununla yanaşı, Fluksus, bədən sənəti (ing. body art) və proses sənəti (ing. process art) ilə sıx əlaqəlidir.

Səhnə və tamaşa sənətləri ilə müştərək cəhətləri olsa da, rəqs, musiqi, teatr, sirk və gimnastika kimi fəaliyyətlərdən fərqli olaraq, vizual sənətlərin daxilindən çıxan avanqard bir cərəyan hesab olunur. Teatr tamaşalarından fərqi ondadır ki, burada hadisələrin illüziyası deyil, hadisənin özü olduğu kimi nümayiş etdirilir.[2] Marina Abramoviç aralarındakı fərqi bu cümlələrlə izah edir:

"Teatrda bir rolu məşq edir və oynayırsan. Teatrda qan ketçupdur və bıçaq həqiqi bıçaq deyil. Performansda isə hər şey realdır. Bıçaq — həqiqi bıçaq, qan isə qandır."[3]

Performans sənəti cəmiyyətin normalarını rədd edir və tamaşaçını aktiv mövqeyə gətirməyi hədəfləyir. Səhnədən kənar, ictimaiyyətə açıq digər yerlərdə də nümayiş oluna bilər. Nümayişdən əvvəl məşq etmək və ya improvizasiya etmək sənətçinin seçimindən asılıdır. Performans sənətçilərinin ortaq məqsədi tamaşaçının yaddaşında qalıcı iz qoymaqdır.[4]

Kökləri XX əsrin əvvəllərindəki Dada hərəkatının anarxist performanslarına, 19201930-cu illərin sürrealistfüturist çıxışlarına, hətta Cekson Pollokun "fəaliyyət rəngkarlığına" (ing. action painting) qədər gedib çıxır. Bildiyimiz mənada performans sənəti 1960-cı illərdə yarandıqdan sonra geniş yayılmış, 1970-ci illərdə isə ideyaları ön plana çıxaran konseptualizmlə əlaqəli şəkildə inkişaf etmişdir.[5]

  1. Goldberg, RoseLee. Performance Art: From Futurism to the Present. Thames & Hudson. 2011. ISBN 978-0500204047.
  2. Fischer-Lichte, Erika. The Transformative Power of Performance: A New Aesthetics. Routledge. 2008. ISBN 978-0415458566.
  3. "Marina Abramović: 'It's a very simple thing. We only have one life'". The Guardian. İstifadə tarixi: 25 mart 2026.
  4. "Performans Sanatı Nedir?". Mixer Arts. 4 dekabr 2014 tarixində arxivləşdirilib.
  5. Carlson, Marvin. "Performance: A Critical Introduction". Routledge. 2003.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]